QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR DİPLOMATİYASI — ÖZBƏKİSTAN VƏ AZƏRBAYCANI YAXINLAŞDIRAN KÖRPÜ
Zakir Abidov, Özbəkistan Respublikasının Qardaşlaşmış Şəhərlər Alyansının sədri
Daşkənd və Bakı,
Səmərqənd və Gəncə, Xivə və Şuşa, Buxara və Lənkəran, Kokand və Şəki. Bu
şəhərlər bir-birindən yüzlərlə kilometr uzaqda yerləşsə də, onları ortaq tarix,
dil və mədəniyyət, ümumi dəyərlər, eləcə də əsrlər boyu formalaşmış dostluq
telləri birləşdirir.
Bu gün Özbəkistan və
Azərbaycan şəhərləri arasındakı münasibətlər yalnız rəmzi dostluq və ya
protokol çərçivəsində aparılan dialoqla məhdudlaşmır. Bu əlaqələr
ticarət-iqtisadi əməkdaşlığın, investisiyaların, sənaye kooperasiyasının,
turizmin, təhsilin, mədəniyyətin, şəhərsalmanın və xalq diplomatiyasının
inkişafı üçün mühüm mexanizmə çevrilir.
İki dövlət başçısının
siyasi iradəsi sayəsində Özbəkistan–Azərbaycan münasibətləri strateji
tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlib. Bu
prosesdə regionlar və şəhərlər arasında birbaşa əlaqələr dövlətlərarası
münasibətləri praktiki məzmunla zənginləşdirən mühüm istiqamət kimi çıxış edir.
Qardaşlıqdan praktiki əməkdaşlığa
Özbəkistan və
Azərbaycan xalqlarını ortaq tarix, türk kökləri, oxşar adət-ənənələr,
ədəbiyyat, incəsənət və mənəvi dəyərlər birləşdirir. Müasir şəraitdə isə tarixi
yaxınlığın iqtisadi maraqlar, birgə layihələr və insanlar arasında davamlı
ünsiyyət vasitəsilə möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan qardaşlaşmış şəhərlər institutu
ikitərəfli münasibətlərin inkişafı üçün səmərəli vasitələrdən biridir. Şəhərlər
və regionlar arasında birbaşa əlaqələrin qurulması yerli idarəetmə orqanlarına,
sahibkarlara, təhsil müəssisələrinə, mədəniyyət və turizm təşkilatlarına
əməkdaşlıq imkanlarını genişləndirməyə şərait yaradır.
2025-ci il mayın 7-də Özbəkistanda
Qardaşlaşmış Şəhərlər Alyansının rəsmi şəkildə yaradılması ölkə şəhərlərinin
xarici tərəfdaşlarla münasibətlərinin sistemli inkişafı istiqamətində mühüm
addım olub. Alyansın əsas məqsədləri mövcud qardaşlaşmış şəhər əlaqələrini
praktiki məzmunla zənginləşdirmək, yeni şəhərlərarası münasibətlər qurmaq və
vətəndaş cəmiyyəti institutlarını xalq diplomatiyası proseslərinə daha geniş
cəlb etməkdir.
Qardaşlaşmış 13 şəhər və region — vahid əməkdaşlıq şəbəkəsi
Son illərdə Özbəkistan
və Azərbaycan arasında regionlararası dialoq xüsusilə sürətlə inkişaf edir.
2023-cü ilin
fevralında Daşkənddə keçirilmiş birinci Özbəkistan–Azərbaycan Regionlararası
Forumunun yekunlarına əsasən, Səmərqənd və Gəncə, Xivə və Şuşa, Buxara və
Lənkəran, Kokand və Şəki şəhərləri arasında əməkdaşlıq memorandumları
imzalanıb.
2024-cü ilin mayında
Azərbaycanın Quba şəhərində keçirilmiş ikinci regionlararası forum çərçivəsində
Namangan və Mingəçevir, Gülüstan və Füzuli, Termiz və Biləsuvar arasında
qardaşlaşmış şəhər münasibətləri qurulub. Həmin ilin avqustunda isə Cizzax–Quba
və Şahrisəbz–Beyləqan istiqamətlərində yeni əməkdaşlıq protokolları imzalanıb.
2025-ci il iyulun 2-də
Sumqayıt şəhəri ilə Daşkənd vilayəti, eləcə də Qəbələ ilə Nəvai arasında qardaşlaşmış
münasibətlərin qurulmasına dair protokollar qəbul edilib. Məqalədə istinad
edilən rəsmi məlumatlara əsasən, bu razılaşmalardan sonra Özbəkistan və
Azərbaycan arasında qardaşlaşmış şəhər və region əlaqələrinin sayı 13-ə çatıb.
Bu rəqəm yalnız
statistik göstərici deyil. O, iki ölkənin müxtəlif iqtisadi və mədəni
mərkəzlərini birləşdirən geniş regionlararası əməkdaşlıq şəbəkəsini ifadə edir.
Hər bir şəhər və region cütlüyü özünəməxsus iqtisadi, mədəni və sosial
potensiala malikdir.
Səmərqənd və Gəncə
tarixi irsin qorunması, turizm və mədəni tədbirlər sahəsində əməkdaşlıq edə
bilər. Xivə və Şuşa tarixi şəhərlərin qorunması, bərpası və beynəlxalq
səviyyədə tanıdılması üzrə təcrübə mübadiləsi aparmaq imkanına malikdir. Buxara
və Lənkəran turizm, sənətkarlıq və qastronomiya istiqamətlərinin inkişafı üçün
böyük potensiala sahibdir. Kokand və Şəki isə ənənəvi sənətkarlıq, tətbiqi
incəsənət və kiçik biznesin dəstəklənməsi sahələrində birgə təşəbbüslər həyata
keçirə bilər.
Namangan və Mingəçevir
sənaye və energetika, Gülüstan və Füzuli kənd təsərrüfatı və müasir şəhər
infrastrukturu, Termiz və Biləsuvar logistika və ticarət, Cizzax və Quba turizm
və aqrar-sənaye, Şahrisəbz və Beyləqan isə tarixi irs və kənd təsərrüfatı sahələrində
qarşılıqlı faydalı layihələr inkişaf etdirə bilər.
Sumqayıt və Daşkənd
vilayəti arasında əməkdaşlıq sənaye kooperasiyası, kimya sənayesi, tikinti
materiallarının istehsalı və şəhər infrastrukturu baxımından əhəmiyyətli ola
bilər. Qəbələ və Nəvai arasındakı münasibətlər isə turizm, dağ-mədən sənayesi,
investisiyalar və mədəni mübadilə sahələrini əhatə edə bilər.
Beləliklə, qardaşlaşmış şəhər və regionlar
iki ölkənin iqtisadi və mədəni potensialını birləşdirən, qarşılıqlı faydalı
əməkdaşlıq imkanlarına əsaslanan vahid sistemin formalaşmasına töhfə verə
bilər.
Şuşa və Xivə — mədəni yaxınlığın parlaq rəmzi
Şuşa və Xivə
arasındakı münasibətlər şəhər diplomatiyasının mədəni-humanitar imkanlarını
aydın şəkildə nümayiş etdirir. Bu iki şəhər 2023-cü ildən qardaşlaşmış
şəhərlərdir.
2024-cü ilin
sentyabrında Xivədə “Şuşa günləri”nin keçirilməsi bu münasibətlərin praktiki
nəticələrindən biri olub. Tədbirlər çərçivəsində rəsmi görüşlər, fotosərgilər,
konsert proqramları, elmi və mədəni dialoqlar təşkil edilib. Tərəflər tarixi
irsin qorunması, mədəniyyət, elm və innovasiya sahələrində əlaqələrin
genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Şuşa və Xivə arasında
əməkdaşlıq birgə sərgilər, rəssam və sənətkar festivalları, musiqi günləri,
teatr qastrolları, tarixi şəhərlərin idarə olunması üzrə mütəxəssis mübadiləsi
və ortaq turizm marşrutları vasitəsilə daha da zənginləşdirilə bilər.
Bu iki şəhərin nümunəsi göstərir ki,
qardaşlaşmış şəhər münasibətləri yalnız rəsmi sənədlərlə məhdudlaşmamalı,
əhalinin gündəlik həyatında hiss olunan davamlı mədəni və humanitar əlaqələrə
çevrilməlidir.
Füzulidəki məktəb — dostluğun praktiki ifadəsi
Özbəkistan və
Azərbaycan münasibətlərinin ən təsirli rəmzlərindən biri Füzuli şəhərində
Özbəkistan tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına məktəbdir.
960 şagird üçün
nəzərdə tutulan bu müasir təhsil müəssisəsi 2023-cü il avqustun 23-də iki
ölkənin prezidentlərinin iştirakı ilə açılıb. Məktəb Özbəkistan xalqının
Azərbaycan xalqına dostluq hədiyyəsi kimi inşa edilib. Burada 40 sinif otağı,
laboratoriyalar, kompüter kabinetləri, kitabxana, idman və akt zalları, eləcə
də digər müasir infrastruktur yaradılıb.
Bu layihə qardaşlıq
münasibətlərinin konkret sosial nəticələrə necə çevrilə biləcəyini göstərir.
Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də Özbəkistan və Azərbaycan
xalqlarının dostluğunun, həmrəyliyinin və qarşılıqlı dəstəyinin rəmzidir.
Gələcəkdə Füzuli və Gülüstan arasında
müəllimlərin ixtisasartırma proqramlarının təşkili, məktəblilərin mübadiləsi,
birgə fənn olimpiadalarının keçirilməsi, özbək və Azərbaycan ədəbiyyatı
günlərinin təşkili, eləcə də rəqəmsal təhsil layihələrinin həyata keçirilməsi
mümkündür.
İqtisadi diplomatiyanın regional dayağı
Qardaşlaşmış şəhər
əlaqələrinin əsas vəzifələrindən biri iki dövlət başçısı səviyyəsində müəyyən edilmiş
iqtisadi məqsədlərin regionlar səviyyəsində həyata keçirilməsinə töhfə
verməkdir.
Şəhərlər və vilayətlər
öz müqayisəli üstünlüklərini müəyyənləşdirərək sənaye kooperasiyası, kənd
təsərrüfatı, toxuculuq, kimya sənayesi, əczaçılıq, turizm, logistika və tikinti
sahələrində birgə layihələr hazırlaya bilərlər.
Məsələn, sənayeləşmiş
regionlar arasında birgə müəssisələr yaratmaq, azad iqtisadi zonaların
rezidentləri arasında əlaqələr qurmaq, yerli məhsulların qarşılıqlı bazarlara
çıxarılmasını təmin etmək və istehsal zəncirlərini birləşdirmək mümkündür.
Yüksək turizm
potensialına malik şəhərlər vahid turizm məhsulları yarada bilərlər.
“Səmərqənd–Gəncə”, “Xivə–Şuşa” və “Buxara–Lənkəran” kimi birgə marşrutlar iki
ölkənin tarixi və mədəni irsini vahid turizm istiqaməti çərçivəsində təqdim
etməyə imkan verə bilər.
Hər bir qardaşlaşmış şəhər cütlüyü üçün
ayrıca “yol xəritəsi”nin hazırlanması məqsədəuyğundur. Belə sənədlərdə
investisiya layihələri, ticarət sərgiləri, biznes missiyaları, təhsil
proqramları, mədəni tədbirlər, məsul təşkilatlar və icra müddətləri müəyyən
edilməlidir.
Bu yanaşma qardaşlaşma
sazişlərini deklarativ sənədlərdən konkret və ölçülə bilən nəticələrə
hesablanmış praktiki əməkdaşlıq proqramlarına çevirə bilər.
Bakı — qlobal şəhər dialoqunun mərkəzi
Azərbaycanın müasir
şəhərsalma və dayanıqlı inkişaf sahəsində topladığı təcrübə Özbəkistan
şəhərləri üçün də böyük maraq doğurur.
2026-cı il mayın
11-dən 17-dək Bakı Şəhərsalma Həftəsi, mayın 17-dən 22-dək isə BMT-nin
Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə Ümumdünya Şəhər
Forumunun 13-cü sessiyası — WUF13 keçirilib. Forum təhlükəsiz, inklüziv və
iqlim dəyişikliklərinə davamlı şəhərlərin inkişafı məsələlərinin müzakirə
olunduğu mühüm beynəlxalq dialoq platformasına çevrilib.
Özbəkistan və
Azərbaycan nümayəndələrinin belə tədbirlərdə iştirakı yerli idarəetmə, “ağıllı
şəhər” texnologiyaları, yaşıl infrastruktur, mənzil tikintisi, ictimai
nəqliyyat, tarixi şəhərlərin qorunması və inklüziv şəhər mühitinin yaradılması
sahələrində qabaqcıl təcrübə mübadiləsi imkanlarını genişləndirir.
Xüsusilə Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi müasir
şəhərsalma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları Özbəkistanda
yeni şəhərlərin və yaşayış massivlərinin planlaşdırılması baxımından praktiki
əhəmiyyət daşıya bilər.
Qardaşlaşmış Şəhərlər Alyansı — əməkdaşlığı əlaqələndirən mühüm institut
Özbəkistandakı
Qardaşlaşmış Şəhərlər Alyansı Özbəkistan və Azərbaycan şəhərləri arasında
mövcud münasibətlərin fəallaşdırılmasında mühüm ictimai platforma rolunu oynaya
bilər.
Alyans yerli idarəetmə
orqanları, ticarət-sənaye palataları, universitetlər, turizm təşkilatları,
mədəniyyət mərkəzləri, gənclər və qadın təşkilatları arasında dialoqu
əlaqələndirə bilər. Onun əsas vəzifələri imzalanmış sazişlərin praktiki
icrasını izləmək, yeni təşəbbüslər formalaşdırmaq və xalq diplomatiyasını
genişləndirmək olmalıdır.
Bu məqsədlə
Özbəkistan–Azərbaycan Qardaşlaşmış Şəhərlər Şurasının yaradılması, əməkdaşlıq istiqamətləri
üzrə vahid rəqəmsal məlumat bazasının formalaşdırılması, hər il “Ən fəal
qardaşlaşmış şəhər” müsabiqəsinin keçirilməsi və iqtisadi-mədəni layihələrin
nəticələrinin ictimaiyyətə açıqlanması məqsədəuyğundur.
Bundan əlavə, hər bir
qardaşlaşmış şəhərdə Özbəkistan və Azərbaycan dostluğuna həsr olunmuş
parkların, mədəniyyət mərkəzlərinin, kitabxana guşələrinin və ya daimi
sərgilərin yaradılması xalqlar arasındakı yaxınlığın daha da möhkəmlənməsinə
xidmət edə bilər.
Qardaşlaşmış münasibətlərin
qurulmasına dair sənədin imzalanması əməkdaşlığın yalnız ilkin mərhələsidir.
Onun praktiki nəticələr verməsi müntəzəm dialoqdan, konkret layihələrdən, məsul
təşkilatlardan və səmərəli əlaqələndirmə sistemindən asılıdır.
Alyansın əsas
əhəmiyyəti imzalanmış memorandumların kağız üzərində qalmamasına, onların
ticarət-iqtisadi, investisiya, mədəni-humanitar və təhsil sahələrində konkret
təşəbbüslərə çevrilməsinə yardım göstərməsindədir.
Alyans Özbəkistan və
Azərbaycan arasında formalaşmış 13 qardaşlaşmış şəhər və region cütlüyünün
imkanlarının sistemli şəkildə öyrənilməsində, hər istiqamət üzrə prioritetlərin
müəyyənləşdirilməsində və qarşılıqlı faydalı layihələrin hazırlanmasında əlaqələndirici
həlqə rolunu oynaya bilər.
Məsələn, Səmərqənd və
Gəncə arasında mədəniyyət və turizm, Xivə və Şuşa arasında tarixi irsin
qorunması, Kokand və Şəki arasında sənətkarlıq, Daşkənd vilayəti və Sumqayıt
arasında isə sənaye kooperasiyası üzrə ayrıca proqramların hazırlanmasında
Alyansın təşkilati imkanlarından istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.
Qardaş şəhər münasibətlərinin yeni mərhələsi
Qardaşlaşmış Şəhərlər Alyansının təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd şəhərində 24–25 iyul
tarixlərində “Qardaş şəhərlər” I Beynəlxalq Forumunu keçirməkələ qardaş şəhər
münasibətlərinin yeni mərhələsinin əsası qoyuldu.
Forumun əsas məqsədi
şəhərlər arasında birbaşa əməkdaşlığı genişləndirmək, iqtisadi əlaqələri
gücləndirmək, investisiya və ticarəti təşviq etmək, turizm, elm, təhsil və
innovasiya sahələrində birgə layihələrin hazırlanmasına, eləcə də
mədəni-humanitar əlaqələrin inkişafına şərait yaratmaq olub.
Forumda 20-dən çox
ölkədən təxminən 300 nümayəndə iştirak edib. İştirakçılar arasında şəhər
rəhbərləri, bələdiyyə sədrləri, beynəlxalq ekspertlər, alimlər, iş adamları və
beynəlxalq təşkilatların nümayəndələri yer alıblar.
Azərbaycan nümayəndə
heyətinin tərkibində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,
Azərbaycan Bələdiyyələrin Milli Assosiasiyalarının əlaqələndirici koordinatoru
Aydın Muradov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı
katibi Əli Əkbərli iştirak ediblər.
Nümayəndə heyətinin
keçirdiyi görüşlərdə Azərbaycan bələdiyyələri və şəhərləri ilə Özbəkistan
şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Forum şəhər diplomatiyasının inkişafı və qardaşlaşmış şəhərlər arasında birbaşa
əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi
qiymətləndirilmişdir.
Forum çərçivəsində
“Dostluq ağacı” adlı aksiya keçirilib, həmçinin “Şəhərlərin imkanları” sərgisi
təşkil olunub. “Dostluq ağacı” aksiyası şəhərlər arasında dostluq və
tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də beynəlxalq
əməkdaşlığın inkişafına verilən önəmin rəmzi olub.
Nəticə
Özbəkistan və
Azərbaycan arasında qardaşlaşmış şəhər münasibətləri iki xalqın tarixi və
mədəni yaxınlığını iqtisadi, sosial və humanitar əməkdaşlıqla birləşdirən mühüm
vasitədir.
Bu münasibətlərin
gələcək inkişafı yalnız yeni sazişlərin imzalanmasından deyil, həm də onların
konkret layihələrlə, davamlı əlaqələrlə və ölçülə bilən nəticələrlə
möhkəmləndirilməsindən asılıdır.
Qardaşlaşmış Şəhərlər
Alyansı, yerli idarəetmə orqanları, sahibkarlar, təhsil və mədəniyyət
müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması şəhərlər diplomatiyasının
imkanlarını daha da genişləndirə bilər.
Beləliklə, Daşkənddən Bakıya, Səmərqənddən Gəncəyədək uzanan dostluq körpüsü təkcə şəhərlərimizi deyil, xalqlarımızı və gələcəyə dair ortaq məqsədlərimizi də birləşdirir.
Rəylər
0 Rəy